TÜRK DİLİ

 

ELM VƏ MATERİALİZMİ BİR - BİRİNDƏN FƏRQLƏNDİRMƏK

 

Bütün bu kitab boyu təhlil etdiyimiz məlumatlar bizə təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını, əksinə, təkamülün iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir. Yəni təkamülü himayə edən güc elm deyil. Təkamül bəzi “elm adamları” tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur.

Həmin “başqa səbəb” materialist fəlsəfədir. Təkamül nəzəriyyəsi materialist fəlsəfənin təbiətə tətbiq olunmuş formasıdır və bu fəlsəfənin tərəfdarları tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir.

Təkamül nəzəriyyəsi ilə materializm arasındakı əlaqə bu anlayışların “nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” deyə şərh vermişdir..Təkamülçü bioloq Duqlas Futuyma “Marksın bəşəriyyət tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm üçün böyük pillə idi deyə yazır.Təkamülçü paleontoloq Stefen C.Quld isə “Darvin təbiətin mənşəyini izah edərkən çox əsaslı şəkildə materialist fəlsəfədən istifadə etdi” deyir.

Karl Marx

Materialist fəlsəfə tarixin ən qədim düşüncə tərzlərindən biridir və əsas xüsusiyyəti maddəni mütləq varlıq hesab etməsidir. Bu tərifə görə, maddə sonsuzdan bəri mövcuddur və mövcud olan hər şey də maddədən ibarətdir. Materializm Yaradanın varlığını inkar edir.

Nə üçün materializm doğru düşüncə tərzi deyil? Bir fəlsəfi fikrin doğruluğunu və ya yanlışlığını yoxlamaq metodu o fəlsəfi fikrin elmlə əlaqədar iddialarını elmi metodlarla araşdırmaqdır. Məsələn, X əsrdə hər hansı bir filosof ortaya çıxıb Ayın səthində sehirli ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişdiklərini və oradan Yerə düşdüklərini irəli sürə bilər. Bəzi insanlar da bu fəlsəfi fikrə maraq göstərib, onu mənimsəyə bilərlər. Ancaq XX əsrdə Aya səyahət etdikdə artıq bu cür fəlsəfi fikir irəli sürməyin mənası olmur. Çünki orada elə bir ağacın olub-olmadığı elmi metodla, yəni müşahidə və təcrübə ilə aşkar edilir.

Materializmin iddiasını da elmi metodla yoxlaya bilərik. Maddənin sonsuzluqdan bəri mövcud olub-olmadığını, maddənin onun fövqündə olan bir Yaradan olmadan özünü nizamlayıb-nizamlaya bilmədiyini və canlıları əmələ gətirib-gətirə bilmədiyini araşdıra bilərik. Bunu etdikcə görərik ki, materializm əslində çökmüşdür. Çünki maddənin sonsuzluqdan bəri mövcud olduğu fikri kainatın yoxdan var edildiyini sübut edən “Big bang” nəzəriyyəsi ilə məhv edilmişdir. Maddənin öz-özünü nizamladığı və canlıları meydana gətirdiyi iddiası isə “təkamül nəzəriyyəsi” adlanan iddiadır və kitabın əvvəlindən bəri təhlil etdiyimiz kimi, bu iddianın da əsassız olduğu sübut edilmişdir.

Əgər bir insan materializmə inanmaqda qərarlıdırsa, materialist fəlsəfəyə olan bağlılığını hər şeydən üstün tutursa, onda belə davranmır. “Əvvəl materialist, sonra elm adamı”dırsa, təkamülün elm tərəfindən təkzib edildiyini gördükdə materializmdən əl çəkməz. Əksinə, təkamülü necə olursa-olsun dəstəkləməyə çalışıb materializmi xilas etməyə, ayaqda tutmağa çalışar. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamlarının vəziyyəti məhz bu cürdür.

Maraqlıdır, bunu bəzən özləri də etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və səmimi təkamülçü olan Riçard Levontin “əvvəll materialist, sonra elm adamı” olduğunu belə etiraf edir:

Bizim materializmə inancımız var, bu, “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru olduğu fərz edilmiş) inancdır. Bizi dünyanı materialist cəhətdən açıqlamağı vadar edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünyanı materialist düşüncə tərzinə görə açıqlayan tədqiqat metodlarını və məfhumlarını uydururuq. Materializm mütləq doğru olduğuna görə, ilahi açıqlamanın araya girməsinə izn verə bilmərik.

Levontinin işlətdiyi “a priori” termini çox önəmlidir. Bu fəlsəfi termin heç bir təcrübi məlumata əsaslanmayan, əvvəlcədən qəbul edilmiş fərziyyə deməkdir. Bir düşüncənin doğruluğuna dair hər hansı bir məlumat yox ikən onu doğru fərz edir və elə qəbul edirsinizsə, bu “a priori” düşüncədir. Təkamülçü Levontinin səmimi şəkildə ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün “a priori” qəbuldur və elmi bu qəbula uyğunlaşdırmağa çalışırlar. Materializm Yaradanın varlığını qəti şəkildə inkar etməyə vadar etdiyi üçün əllərindəki yeganə alternativ olan təkamül nəzəriyyəsinə sarılırlar. Təkamül elmi faktlar tərəfindən nə qədər təkzib edilsə də, fərqi yoxdur, sözügedən elm adamları onu bir dəfə “a priori doğru” şəklində qəbul etmişdir.

Bu ön mühakiməli münasibət təkamülçüləri “şüursuz maddənin öz-özünü nizamladığına inanmaq” kimi elmə və ağıla zidd inanca aparır. Əvvəlki bölmələrdə təhlil etdiyimiz “maddənin özünü təşkil etməsi” məfhumu bunun bir ifadəsidir.

Dünya səviyyəsindəki təkamülçü təbliğatın əsasında bu materialist doqma durur. Qərbin qabaqcıl media orqanlarında, məşhur və tanınmış elmi jurnallarında daima qarşılaşdığımız təkamül təbliğatı bu cür ideoloji və fəlsəfi inancın nəticəsidir. Təkamül ideoloji baxımdan labüd olduğu üçün elmin standardlarını müəyyən edən materialist təbəqələr tərəfindən mübahisəsiz tabuya çevrilmişdir.

Digər elm adamları isə öz karyeralarını davam etdirmək üçün bu zorakı nəzəriyyəni müdafiə etmək və ya səslərini çıxarmamaq məcburiyyətindədirlər. Qərb ölkələrindəki akademiklər “dosent”, “professor” ünvanlarını almaq və bu elmi dərəcələrini qorumaq üçün hər il müəyyən elmi jurnallarda məqalə dərc etdirməyə məcburdurlar. Biologiya ilə məşğul olan bu jurnalların hamısını materialist təkamülçülər idarə edir. Bu şəxslər təkamül əleyhinə məqalənin dərc olunmasına izn verməzlər. Ona görə hər bioloq bu hegemon inanca bağlı şəkildə elmi fəaliyyət göstərmək məcburiyyətindədir. Çünki onlar da təkamülü ideoloji tələbat kimi görən materialist quruluşun bir hissəsidir. Buna görə kitab boyu təhlil etdiyimiz bütün “qeyri-mümkün təsadüfləri” gözübağlı müdafiə edirlər.

 

"Elmİ məqsədİn" İfadəsİ

Məşhur təkamülçü alman bioloq Hoymar von Ditfurtun yazdığı bəzi sətirlər bu gözübağlı materialist anlayışın gözəl ifadəsidir. Ditfurt həyatın olduqca kompleks quruluşuna aid misal çəkdikdən sonra bunun təsadüflərlə meydana gəlib-gəlməyəcəyi sualına cavab olaraq bunları deyir:

Adi təsadüf nəticəsində meydana gəlmiş belə bir uyğunluq həqiqətən mümkündürmü? Bu, bütün bioloji təkamülün ən əsas sualıdır... Müasir təbiətşünaslığın tərəfdarı olan bir şəxsin bu suala “bəli” cavabını verməkdən başqa seçimi yoxdur. Çünki təbiət hadisələrini anlaşılan yollarla açıqlamağı özünə hədəf etmiş, bunları fövqəltəbii müdaxilənin köməyinə əl atmadan birbaşa təbiət qanunlarına əsaslanaraq törətməyi qarşısına məqsəd qoymuşdur.

Ditfurtun da bildirdiyi kimi, materialist elm anlayışı həyatı “fövqəltəbii müdaxilənin”, yəni yaradılışın varlığını qəbul etmədən açıqlamağı özü üçün əsas prinsip qəbul etmişdir. Bu prinsip bir dəfə qəbul edildikdən sonra ən qeyri-mümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər.

Bu doqmatik təfəkkürün nümunələrini demək olar ki, hər təkamülçü əsərdə görmək mümkündür. Təkamülün Türkiyədəki qabaqcıl müdafiəçilərindən olan prof. Əli Dəmirsoy bunlardan biridir. Prof. Dəmirsoyun fikrincə, həyat üçün mütləq tələb olunan əsas zülallardan Sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi ehtimalı “bir meymunun makinada heç səhv etmədən bəşəriyyət tarixini yazma ehtimalı qədər azdır"

Şübhəsiz ki, belə bir ehtimalı qəbul etmək ağıl və məntiqin ən əsas prinsiplərini çeynəmək deməkdir. İnsan bir kağız parçası üzərində yazılmış bircə hərf gördükdə belə o hərfin şüurlu biri tərəfindən yazıldığına əmin olur. Bəşəriyyət tarixindən bəhs edən kitab gördükdə onun bir müəllifi olduğuna daha çox əmin olur. Ağlı olan heç kim bu nəhəng kitabın içindəki hərflərin “təsadüfən” yan-yana gəldiyini iddia etməz.

Ancaq çox qəribədir ki, prof. dr. Əli Dəmirsoy bunu qəbul edir:

Bir Sitoxrom-C zülal zəncirinin əmələ gəlməsi ehtimalı sıfıra bərabərdir. Yəni əgər həyatın əmələ gəlməsi üçün müəyyən ardıcıllıq lazımdırsa, bu, bütün kainatda bir dəfə əmələ gələcək qədər az ehtimala malikdir deməkdir. Yaxud da həyatın əmələ gəlməsində bizim tərif edə bilmədiyimiz fövqəltəbii güclər iştirak etmişdir. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyil. Bu təqdirdə birinci fərziyyə üzərində düşünmək lazımdır.

Prof. Dəmirsoy “fövqəltəbii gücləri qəbul etməmək”, yəni Yaradanın varlığını inkar etmək üçün qeyri-mümkün olanı üstün tutduğunu yazır. Halbuki elmin məqsədi “fövqəltəbii güclərin varlığını qəbul etməmək” deyil. Elm bu məqsədlə hərəkət etmir. Elm heç bir ön mühakiməyə əsaslanmadan ancaq təbiəti tədqiq edir və bu tədqiqatlarından nəticələr çıxarır. Əgər bu nəticələr kainatın hər yerində, təbiətdə fövqəltəbii ağılın dizaynının hakim olduğunu göstərirsə elm, əlbəttə, bunu qəbul etməlidir.

Diqqət edilsə, əslində “elmi məqsəd” deyə ifadə edilən anlayış ancaq maddənin mövcud olduğu və bütün təbiətin də ancaq maddi amillərlə açıqlana biləcəyindən ibarət doqmadır. Bu isə “elmi məqsəd” və s. deyil, birbaşa materialist fəlsəfədir. Materialist fəlsəfə “elmi məqsəd” kimi səthi sözlərin arxasında gizlənir və elm adamlarını əslində elmdənkənar şeyləri qəbul etməyə məcbur edir. Belə ki, Dəmirsoy başqa mövzudan – hüceyrədəki mitoxondrilərin mənşəyindən bəhs edərkən təsadüf açıqlamasını “elmi düşüncəyə olduqca zidd olmasına baxmayaraq” qəbul etdiyini açıq şəkildə bildirir:

Ən böyük problem mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır. Çünki bircə fərdin belə təsadüf nəticəsində bu xüsusiyyəti qazanması ağlasığımaz ehtimalların eyni anda baş verməsini tələb edir... Tənəffüsü təmin edən və hər mərhələdə fərqli şəkildə katalizator kimi fəaliyyət göstərən fermentlər mexanizmin əsasını təşkil edir. Bu ferment ardıcıllığını bir hüceyrə tamamilə ehtiva etməlidir, bəzilərini ehtiva etməsi faydasızdır. Çünki fermentlərin bəzilərinin olmaması hər hansı nəticə verməz. Burada elmi düşüncəyə olduqca zidd olmaqla bərabər daha doqmatik açıqlama və fərziyyə irəli sürməmək üçün bütün tənəffüs fermentlərinin bir dəfəyə hüceyrənin içində və oksigenlə təmasda olmadan əvvəl tam şəkildə mövcud olduğunu istər-istəməz qəbul etməyə məcburuq.

Bütün bu sətirlərdən başa düşürük ki, təkamül əslində elmi tədqiqatlar nəticəsində üzə çıxan nəzəriyyə deyil. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin tələbatlarına görə əvvəlcə, dəyirmi masa ətrafında uydurulmuş və daha sonra elmi həqiqətlərə baxmayaraq qəbul etdirilməyə çalışılan tabuya çevrilmişdir. Təkamülçülərin yazdıqlarından başa düşürük ki, bütün bu səylərin “məqsədi” var və bu məqsəd nəyin bahasına olursa olsun canlıların yaradılmadığını müdafiə etməyi tələb edir.

 

Şoklardan qaçmamaq

Bir az əvvəl vurğuladığımız kimi, maddənin fövqündə olan (və ya fövqəltəbii) şeyin mövcud olduğunu qətiyyətlə inkar edən düşüncə materializmdir. Elm isə belə bir doqmanı qəbul etməyə məcbur deyil. Elm təbiəti tədqiq etmək və nəticələr çıxarmaqla məsuliyyət daşıyır.

Elm sözügedən həqiqəti, yəni canlıların yaradıldığı həqiqətini aşkar etmişdir. Bu, elmi kəşflər tərəfindən ortaya qoyulan açıqlamadır. Canlılardakı qeyri-adi kompleks formaları tədqiq etdikdə onların əsla təbiət qanunları ilə və təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adi xüsusiyyətlərə malik olduqlarını görürük. Hər qeyri-adi xüsusiyyət onu meydana gətirən üstün ağılın göstəricisidir. Canlılar da üstün güc ilə yaradılmışdır. Bu güc maddənin fövqündə olan ağıla aiddir. Bu ağıl bütün təbiətin hakimi və sonsuz gücə malik olan Rəbbimiz Allahın ağlıdır. Qısaca desək, həyat və canlılar yaradılmışdır. Bu materializm kimi doqmatik inanc deyil, elmi müşahidə və təcrübələrin aşkar etdiyi açıq həqiqətdir.

Bu həqiqətin materializmə inanmağa və materializmi elm hesab etməyə öyrəşmiş elm adamlarına şok təsiri verdiyini görürük. Bu şok bu gün dünyada təkamül nəzəriyyəsinə qarşı çıxan ən mühüm şəxslərdən biri olan Maykl Bihi tərəfindən necə ifadə edilir:

Həyatın üstün ağıl tərəfindən dizayn olunduğu anlayışı həyatı sadə təbiət qanunlarının nəticəsi kimi qəbul etməyə alışmış bizlərdə şok təsiri yaratmışdır. Amma digər əsrlər də buna bənzər şok təsiri yaşamışdılar və şoklardan qaçmaq üçün bir səbəb də yoxdur.

Bəşəriyyət dünyanın düz olması və ya kainatın mərkəzində yerləşdiyi kimi doqmalardan xilas olmuşdur. Həyatın dizayn olunmadan, öz-özünə əmələ gəldiyi kimi materialist və təkamülçü doqmadan da xilas olur.

Bu vəziyyət qarşısında əsl elm adamının üzərinə düşən vəzifə isə materialist doqmadan əl çəkərək, həyatın və canlıların mənşəyi mövzusunu əsl elm adamına yaraşan şəkildə obyektiv və səmimi olaraq dəyərləndirməkdir. Əsl elm adamı “şoklardan qaçmamalı”, XIX əsrin köhnə materialist doqmalarına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə etməməlidir.

 

YUXARI

Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.

AdnanOktar.az